Hörmətli məsləkdaşlar!
Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin verdiyi Şəhadətnaməyə əsasən 29 sentyabr 2017-ci ildən etibarən rəsmi fəaliyyət göstərir.
Respublikanın qabaqcıl mütəxəssislərini birləşdirən Cəmiyyətin əsas məqsədi, vahid bir qurum olaraq, Azərbaycanda ixtisasa dair dünya standartlarını tanıtmaq, nəzəri və təcrübi bilikləri paylaşmaq, bu sahə ilə məşğul olan həkimlərin görüşlərini təşkil etmək, onların qarşılaşdıqları problemlərin həlli yollarını araşdırmaq və aradan qaldırmaq, ixtisasa dair aparılan araşdırmaları dəstəkləmək və beynəlxalq səviyyədə onları təbliğ etməkdir.
Məqsədi reallaşdırmaq üçün dərnəkdə davamlı elmi konfranslar, seminarlar, maarifləndirici toplantılar təşkil olunacaqdır.
Əsas səbəbi reallaşdırmaq üçün birliyin həyata keçirəcəyi mövzular və iş yolları aşağıdakılardır:
- OMFS sahəsində çalışan mütəxəssislərin öz bilik və təcrübələrini bölüşə biləcəyi fəaliyyətləri dəstəkləmək;
- OMFS mövzularına aid aktual və sübuta əsaslanan məlumatları akademiklərə, ekspertlərə, cəmiyyətə ötürmək və bu mövzular üzrə elmi araşdırmalar aparmaq və ya onları təşviq etmək,
- OMFS sahəsində çalışan digər milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmaq və birgə layihələr həyata keçirmək;
Məqsədimiz.
Ağız və üz-çənə cərrahiyyəsinə dair biliklərimizi, fələsəfəmizi dünya mütəxəssisləri ilə bölüşərək inkişaf etmək istərdik. İnkişaf ağır prosesdir, ancaq biz bu yolu keçməli və heç bir zaman dayanmamalıyıq. İstək və səbrlə zamanımızı bu prosesdə fəda etməyi bacarmalıyıq.
Qısa tarixçə.
Bu ixtisasa dair cərrahi əməliyyatların aparılması hələ qədimdəm məlum olsada ağız və üz-çənə cərrahiyyəsi ixtisası bir peşə kimi formalaşmasının tarixi keçən əsrin ortlarından başlanır. 1962-ci ildə dünyanın müxtəlif klinikalarında bu səhəyə maraq göstərən həkimlər Londonda yığışaraq bir araya gəlir və Beynəxalq Ağız və Üz-çənə Cərrahları Cəmiyyətini yaradır.
Bu Cəmiyyətin sonraki fəaliyyəti ilə bağlı ağız və üz-çənə cərrahiyyəsi müstəqil bir ixtisas kimi dünyada tanınmağa başlayır və durmadan inkişaf edir.
Uzun illər Azərbaycan cərrahları daha mütərəqqi qərb təbabətindən demək olar ki, tam təcrid olunmuş, lazımi şəraitin və müvafiq təchizatın olmadığı vəziyyətdə bu ixtisası öz daxili tələbat və hisslərinə arxalanaraq mənimsəmişlər. Onların yalnız ən zəhmətkeşləri, öz fədakar əməyinə əsaslanıb, bu sənəti hər şeydən üstün tutaraq, özlərinin mütərəqqi baxışlarıyla, çiyinlərində bu xidməti daşıyıb bu günə çatdırmağa nail olubar. Asan olmayan bu missiya bəzən qısqanc həmkarların və administrativ bürokratiyanın tikanlı çəpərləri ilə tez-tez qarşılaşırdı. Lakin, onlarda olan məhz bu fədakarlıq Azərbaycan üz- çənə cərrahiyyəsini müəyyən səviyyəyə qaldırır və öz xalqına yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verir. Onların əməyi bu gənc sahənin fəaliyyət sərhədlərini və təhsil sistemindəki yerini müəyyən etmişdir.
Hazırda respublikada bir neçə tibb müəsissələrində ixtisaslaşdırılmış üz-çənə cərrahiyyəsi şöbələri, stomatoloji klinikalarda isə ağız cərrahiyyəsi şöbələri və otaqları fəliyyət göstərir. 2008 ci ildə Azərbaycan Respublikasında üz-çənə cərrahiyyəsi rəsmi müstəqil ixtisas kimi qəbul edilib (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2008 ci il tarixli 119 nömrəli əmri). 2010-cu ildə Azərbaycan Respublikasında «həkim üz-çənə cərrahı» adının alınması qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilib (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında 18 mart 2010-cu il tarixli 50 №-li Qərarı). Bu qaydalara əsasən Stomatologiya fakültəsinin məzunları həkim üz-çənə cərrahı adına 5 illik rezidentura Təhsil Proqramını tamamladıqdan sonra yiyələnə bilərlər.
Ayrı-ayrı klinikalarda çalışan ağız və üz-çənə cərrahları xidmətin yaxşılaşdırması üçün öz tövhələrini versələr də onların parakəndə fəliyyəti və beynalxalq tədbirlərdə Azərbaycanı təmsil edəcək vahid bir qurumun olmaması mütəxəssislərimizin fəaliyyətini xeyli məhdudlaşdırırdı.
2017-ci ildə bir qrup qabaqcıl ağız və üz-çənə cərrahı Azərbaycanda vahid qurumun yaradılması təşəbüssünü irəli sürür və bu məqsədlə Ağız və Üz-çənə Cərrahları Cəmiyyətini təsis edilir.